
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 2008-ci ildə Romano Prodi hökumətinin mövqelərini parçalamaq məqsədilə siyasi rəqiblərini satın almaqda təqsirli bilinib.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, Neapolun Birinci İnstansiya Məhkəməsi 78 yaşlı siyasətçini üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Söhbət 2006-cı ildə Prodinin qalib gələn koalisiyasına daxil olan "Dəyərlər İtaliyası" partiyasından seçilən senator Serco De Qreqorioya müxalifətə keçmək müqabilində 3 milyon avro verilməsindən gedir. Bununla Prodi 2008-ci ilin yanvarında Parlamentin Yuxarı Palatasında böyük əksəriyyətin dəstəyini itirib və istefa verməyə məcbur olub. Nəticədə keçirilən seçkilərdə hakimiyyətə yenidən S.Berluskoni gəlib.
Keçmiş baş nazirin hökmlə bağlı əvvəlcə apelyasiya, daha sonra isə kassasiya məhkəməsinə şikayət etmək imkanı var.
İşin müddətinin oktyabrın sonunda başa çatmasını nəzərə alaraq, çox güman ki, proses arxivə göndəriləcək, bu isə S.Berluskoninin təyin edilən cəzanı çəkməsi imkanını tamamilə istisna edir.
.