Ukraynaya kütləvi hücum zamanı Polşaya uçan Rusiya dronları göstərir ki, Putin əvvəlki cinayətlərinə görə, lazımi qaydada cəzalandırılmadığı üçün onun cəzasızlıq hissi artmaqda davam edir.

APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O qeyd edib ki, Putin eskalasiyanı davam etdirir, müharibəni genişləndirir və Qərbin gücünü sınayır.

“Zəif cavab indi Rusiyanı daha da təhrik edəcək, Rusiya raketləri və dronları Avropaya daha çox uçacaq”, - XİN rəhbəri deyib.

Sibiqanın sözlərinə görə, bu vəziyyət onu göstərir ki, nəhayət, Ukraynanın hava məkanında, o cümlədən NATO sərhədlərinə yaxınlaşan dronları və raketləri vurmaq üçün qonşu ölkələrin hava hücumundan müdafiə imkanlarından istifadə etməyə imkan verəcək qərar qəbul edilməlidir.

.