Qafqaz Müsəlmanları İdarəsi tərəfindən mollalara paltar verilməsi zamanı maraqlı hadisə yaşanıb. Bu barədə redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki, mollalara yeni geyim formasının verilməsi zamanı bəzi ruhanilər formanın dizaynından şikayət ediblər. Mollalar bildiriblər ki, bu geyim tərzi katolik xristian keşişlərinin formasına oxşayır. QMİ-nin nümayəndəsi isə yarızarafat, yarıciddi deyib ki, "olsun da, bizim şeyximiz də elə Qafqazın Roma Papasıdır. Siz də onun keşişləri”. Amma bu mövzuda apardığımız tədqiqat formanın əcaib dizaynının arxasında başqa mətləblərin olduğundan xəbər verir.
Əslində ruhanilərə vahid geyim formasının tətbiq edilməsi mütərəqqi və təqdirəlayiq haldır. Müəyyən mənada din xadimlərinin nüfuzunun artırılması, pərakəndə, bəzən ikrah doğuran müxtəlif şəkildə geyinən mollaların vahid formadan istifadə etməsi ilk baxışdan müsbət addım kimi qarşılanır. Ancaq digər məsələlərdə olduğu kimi, burda da bir sıra nöqsanlar var.
Adətən belə addımların QMİ-nin beyin məhsulu olmadığını nəzərə alaraq geyim formasının haradan qaynaqlandığı ilə bağlı apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu ideyanın müəllifi dövlət müşaviri Kamal Abdulladır. Mənbələrimiz onu da qeyd elədi ki, QMİ ideyanın onu xərcə salacağı səbəbindən ilk başdan bunu isti qarşılamayıb.
Və yeni formaya ilk baxış da onu sübut edir ki, QMİ-yə yeni formanın dizayn və hazırlanması üçün ciddi büdcə ayrılmayıb. Şeyx həzrətləri bu paltarları sözsüz ki, mollalara pulsuz paylamalıdır. Hələlik 100 ədəd hazırlanan paltarların kütləvi istehsalı üçün də külli miqdarda vəsait lazımdır. Görünür ki, QMİ hətta bu paltarları da tikdirməkdə çətinlik çəkib. Çünki tarixən ruhanilərin üst geyimi uzun olur. Hətta hörmətli şeyximizin də bütün paltarları uzundur. Bəs görəsən, niyə mollalara tikilən libaslar belə qısaldılıb?
QMİ-dəki proseslərdən xəbəri olan mənbəmizin qənaətinə görə, din xadimləri üçün tikilən formanın mini dizaynının əsas səbəbi ayrılan vəsaitin azlığından irəli gəlir. Çünki əgər uzun üst geyimləri tikilsə indikindən iki dəfə baha başa gələcək. Buna isə yenə vəsait lazımdır. Mənbənin bildirdiyinə görə, QMİ-də "yuxarıdan gələn tapşırığı” minimal xərclə "boğazdan yuxarı” icra etmək məqsədilə mollaların paltarının ətəyini kəsib miniləşdirməklə problemi həll ediblər.
Əslində bu proses tarixən mövcud olub. Belə ki, 60-cı illərin tekstil bahalaşması ilə müşahidə olunan illərində dünyada paltar istehsalı üzrə məşhur brend olan "Pyer Kardin” qadınlar üçün ətəkləri qısaldaraq "mini” şəklində istehsal edib və bunu dəbə salmaqla "mini” paltarın əsasını qoyub. Düşünürük ki, bu tarixi ənənədən yararlanan QMİ mollalara mini üst geyimləri istehsal etməklə qənaət edib. Amma yəqin ki, vəsait ayrılsaydı mollalar üçün də şeyx həzrətlərinin geyindiyi uzun paltarlardan tikərdilər.
Hər halda, bu barədə bir neçə ruhani ilə də əlaqə saxladıq. Adlarının açıqlanmasını istəməyən ruhanilər bildirdilər ki, "bu geyim heç də ruhani forması deyil. Bunun xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin geyiminə bənzəməsini əsas gətirirlər. Amma bilmək lazımdır ki, Hacı Zeynalabdin heç də ruhani olmayıb. Yəni forma nə tarixi ənənələrə, nə də günün tələblərinə istinad eləmir”.
Əldə etdiyimiz digər məlumata görə isə "ruhani forması”nın dizaynı nə ideyanın müəllifi Kamal Abdulla, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müzakirə edilməyib. Ən azından dini əşya, geyim olduğu üçün qanunvericiliyə görə DQİDK-nın müvafiq ekspertiza şöbəsinə eskizlər göndərilməli və təsdiqlənməli idi.
Son olaraq onu da bildirək ki, kifayət qədər mübahisə mövzusuna çevrilən bu geyim formasının tam şəkildə tətbiq olunması üçün bir daha düşünülməlidir, müvafiq ictimai müzakirə, tarixi ənənələrimizin və dünya təcrübəsində, bəhrələnərək tətbiq edilməlidir. Əks halda, mollaların "mini” geyimi onların zahirən də abırlarını aparmağa xidmət edəcəkdir./musavat.com/
.