Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycana keçərkən saxlanılan və daha sonra ölən Karen Petrosyanın cəsədinin qaytarılmasına dair Beynəlxalq Qırmızı xaç tərəfindən danışıqların aparıldığını bildirib.
Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Ohanyan jurnalistlərlə söhbətində cəsədin dəyişdirilməsinin mümkünlüyündən danışıb. "İş gedir, Beynəlxalq Qırmızı Xaçla birlikdə bu məsələnin üzərində işləyirik. Nəticə olacaq, ya qaytarılacaq, ya dəyişdiriləcək” deyə o, bildirib.
Xatırladaq ki, erməni tərəfinin əlində hazırda Kəlbəcərdə öldürülmüş mülki şəxs, Cəbrayıl rayonundan olan məcburi köçkün Həsən Həsənovun cəsədi qalır. Eyni zamanda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Soçidə prezidentlərin görüşü zamanı Azərbaycan prezidentinin erməni tərəfini "mülki şəxslərin və hərbçilərin təmas xəttində qalmış cəsədlərinin qeyd-şərtsiz qaytarılmasına” çağırdığını bildirib.
.
