Səudiyyə Ərəbistanının kral qvardiyası sarayda etiraz aksiyasını təşkil edən 11 şahzadəni saxlayıb.
RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda mənbələrə istinadən yerli "Sabk” internet-qəzeti bildirib.
Qəzetin məlumatına görə, şahzadələr onların istifadə etdiyi su və elektirik enerjisinin pulunun dövlət hesabına ödənilməsini qadağan edən qanunun ləğv edilməsini tələb ediblər. Həmçinin şahzadələr bildiriblər ki, öldürülən əmioğlusu (Səudiyyənin keçmiş kral Fəhdin oğlu şahzadə Əbdüləziz ibn Fəhd noyabrın əvvəlində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb – red.) üçün pul kompensasiyasını almaq istəyirlər.
Kral qvardiyası sarayı tərk etməkdən imtina edən şahzadələri həbs edib. Hazırda şahzadələr "El-Hayr” həbsxanasında saxlanılır. Onlar yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.
Xatırladaq ki, 2017-ci il noyabrın əvvəlində krallığın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən başçılıq edilən Səudiyyə Ərəbistanının korrupsiyasıyla mübarizə üzrə komissiyası 4 nazir və 11 şahzadənin saxlanılması barədə göstəriş verib. İstintaqın gedişatında 320-dən çox insan saxlanılıb, təxminən 2 min bank hesabı dondurulub.
Vəliəhd şahzadə "Nyu-York Tayms” qəzetinə müsahibəsində bildirib ki, ittiham edilənlərin 95 faizi öz aktivlərinin bir hissəsinin hesabına son illər ərzində dövlətə vurduqları zərərin – təxminən 100 milyard dolların hakimiyyətə verilməsi üzrə sazişin bağlanmasına razılaşıblar.
.
