Sərhədsiz reportyorlar” Bakı məhkəməsinin bu gün məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılova barəsində çıxardığı 7,5 il azadlıqdan məhrumetmə cəzasından sarsılıb. Bu barədə bu beynəlxalq hüquq müdafiə təşkilatının Turan agentliyinə göndərilmiş bəyanatında deyilir.
"İsmayılova barəsində uzunmüddətli həbs cəzası təəccüblü deyil, belə ki, Azərbaycanda məhkəmə sistemi funksiyası, görünür, dövlət repressiyalarına qanunilik donu geyindirmək üçün mövcuddur”, deyə SR-in Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri İohan Bir bildirib.
"Amma bütün bunlar hökmün dəhşətini azaltmır. İsmayılovanın yeganə cinayəti hökumətdəki korrupsiya faktlarını cəsarətlə araşdırması olub. Onun işi həmkarları - Azərbaycandakı bütün jurnalistlər üçün qorxutma vasitəsidir”, deyə o qeyd edib.
İsmayılovanın məhkəmədə son çıxışını belə tamamlamasına imkan verilməyib, müstəqil mətbuat və ictimaiyyət isə məhkəmə prosesinə buraxılmayıb.
2014-cü il dekabrın 5-də həbs edilmiş İsmayılova artıq 9 ayını saxta ittihamlarla həbsdə keçirib.
Nəhayət, o, absurd özünü öldürmə həddinə çatdırma ittihamından başqa, demək olar ki, bütün ittihamlar üzrə mühakimə olunub.
"Sərhədsiz reportyorlar” təşkilatı İsmayılovanın və Azərbaycanda həbsdə olan digər 11 jurnalist və blogerin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır, habelə Bakının beynəlxalq tərəfdaşlarını israrla onun məsələsini bütün ikitərəfli danışıqlarda qaldırmağa çağırır”, deyə bəyanatda qeyd edilir.
.
