Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin bu həftə Soçidə görüşəcəklərini təsdiqləyib və formatı açıqlayıb.
Yenizaman.az xəbər verir ki, Sergey Lavrovun İTAR-TASS agentliyi tərəfindən yayılmış bəyanatında təmas xəttindəki son gərginlikdən bəhs olunur.
Lavrov deyib ki, Minsk Qrupu münaqişənin nizamlanmasının siyasi prinsiplərinin əks olunduğu sənədi tərəflərin qəbul etməsi üçün xeyli səylər göstərir.
"Şübhəsiz ki, təmas xətti adlanan yerdə baş verənlər bizi həyacanlandırır. Tərəflər bir-birini təxribatçı hərəkətlərdə ittiham edirlər, belə hallar əvvəllər də olub və təəssüf ki, biz artıq uzun illərdir müntəzəm olaraq bu cür qəfil partlayışlar müşahidə edirik. Ancaq bu dəfə bütün bunlar xüsusilə kəskin qarşılanır və gündəmə gəlir. Xeyli adam həlak olub və biz digər ölkələrlə, o cümlədən Minsk Qrupunun həmsədrləri ABŞ və Fransa ilə birlikdə tərəfləri israla maksimal təmkin göstərməyə, növbəti zorakı hadisələrin baş verməsinə aparıb çıxaran addımlardan çəkinməyə çağırmışıq” - deyə Lavrov bildirib.
Rusiya xarici işlər naziri təsdiq edib ki, bu həftə Soçidə prezident Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü gözlənilir. Lakin Lavrov Putinin İlham Əliyev və Serj Sərkisyanla əvvəlcə ayrı-ayrılıqda görüşəcəyini deyib.
"Bu həftənin sonunda Soçidə bizim prezidentin əvvəlcə Ermənistan prezidenti ilə, daha sonra Azərbaycan prezidenti ilə ayrı-ayrılıqda görüşü gözlənilir. Və sonra onlar hamısı eyni vaxtda bir yerdə olanda yəqin ki, Dağlıq Qarabağ barədə söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bu söhbət necə təşkil olunacaq, bu, bizim özümüzdən asılıdır” - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə həmsədrlərin etimadın möhkəmlənməsinə və qarşıdurma riskinin azaldılmasına necə kömək edə biləcəyini müzakirə edəcəklər.
Xatırladaq ki, prezidentlərin bu həftənin sonunda Soçidə görüşəcəyini Ermənistanın baş naziri Ovik Abramyan açıqlamışdı.
.