"Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq”
"Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb”.
Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Bununla belə, S. Lavrov bildirib ki, iki ölkənin rəhbər şəxslərin görüşlərində bu məsələ müzakirə olunur: "Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq”.
Nazir qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur: "Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Beldarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək”.
***
"Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır. İqtisadi əlaqələrimiz sürətlə inikşaf edir”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
E. Məmmədyarov bildirib ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu söyləyib: "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu”.
E. Məmmədyarov qeyd edib ki, ölkələr arasında parlament diplomatiyası da mühümdür, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub, Rusiya parlamentarları yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər.
E. Məmmədyarov görüşdə Yaxın Şərq və Ukraynada baş verənlərin də müzakirə olunduğunu, S. Lavrovun Ukrayna ilə bağlı Rusiyanın mövqeyini çatdırdığını bildirib.
.
