Sabiq spiker Rəsul Quliyev Müsavat və AXCP-yə 8 min dollar borcunun olduğu iddia edilir. ANS PRESS xəbər verir ki, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu belə bir iddia ilə çıxış edib. Söhbət 2005-ci il parlament seçkilərində AXCP, Müsavat və ADP-nin (o vaxt Rəsul Quliyev ADP-nin sədri idi-red) təmsil olunduğu "Azadlıq” blokunun seçki kampaniyası üçün xaricdən adlığı avtobusdan gedir. S. Cəlalaoğlu bildirib ki, avtobusun pulunu AXCP və Müsavat ödəyib, R. Quliyev də payına düşən 8 min dollar vəsaiti verəcəyini desə də, sonradan bundan imtina edib və hələ də borcludur.
Rəsul Quliyev Publika.az-a açıqlamasında bunu təkzib edib və "absalyut yalandır” deyib."Mənim heç kimə borcum yoxdur. Hansı məsələdən, hansı avtobusdan danışdıqlarından da xəbərim yoxdur. Belə məsələlərlə bağlı danışıb vaxtımı itirmək istəmirəm. Sadəcə onu bilirəm ki, yalan danışırlar”-deyə R. Quliyev açıqlayıb.
Qalmaqala səbəb olan bu məsələdə adı hallanan Müsavat və AXCP-nin münasibətini öyrənməyə çalışdıq. Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli açıqlamasında sabiq spikerin 8 min dollar borcunun olduğunu təsdiqləyib. Bildirib ki, 2005-ci ildə AXCP və Müsavat seçkiyə ADP ilə birlikdə getmişdi: "Seçki xərclərini də Müsavat və AXCP öz üzərinə götürüb. Həmin dövrdə Rəsul Quliyev borcu qalıb. O, "siz ödəyin, biz verərik” demişdi. Amma üstündən uzun zaman keçməsinə baxmayaraq, bu pul ödənməyib”.
M. Hacıbəyli qeyd edib ki, Müsavat o pulu tələb etməyib, indiki dövrdə tələb etmək fikri yoxdur. "Sadəcə olaraq, Rəsul Quliyev borclardan danışırsa əvvəlcə öz borcunu ödəsin. Vaxtaşırı Rəsul Quliyev maaş verdiyi işçilərini, partiya funksionerlərini dəyişibdir. İndi də onun burdakı nümayəndəsi Sərdar Cəlaloğlu deyil. Onun sözündə haqq var ki, problem Rəsul Quliyevdədir. Rəsul Quliyev böyük-böyük iddialara düşür. Müəyyən adamlara maaş verərək partiya saxlayır. Vaxtaşırı olaraq da maaş verib saxladığı adamları dəyişir”-deyə Müsavat rəsmisi bildirib.
M. Hacıbəyli hesab edir ki, R. Quliyevin mənəvi borclardan danışmağa haqqı yoxdur. O iddia edir ki, Rəsul Quliyevin bütövlükdə demokratik düşərgəyə mənəvi borcu var: "Çünki o, hakimiyyətin eşolonunda ikinci adam idi. Heydər Əliyev onu vəzifədən çıxarandan sonra o təzədən müxalifət düşərgəsinə gəlmişdi. Onu qəbul etdiyi üçün R. Quliyev müxalifətə mənəvi borcludur. O isə mənəvi borcunu yerinə yetirmədi”.
Müsavat rəsmisi qeyd edib ki, 8 min dollar bunun yanında xırda bir məsələdir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Gözəl Bayramlı bu barədə danışmaq istəməyib.
.
