Serbiyanın Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının bundan sonra da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm.

Müxtəlif məsələlər üzrə fikir və ideyalarımızı açıq mübadilə imkanı kimi qiymətləndirdiyim əvvəlki görüşlərimizi məmnunluq hissi ilə xatırlayıram. Ümid edirəm ki, qarşıdakı illərdə də ölkələrimiz arasındakı əhəmiyyətli münasibətləri inkişaf etdirməyə səy göstərəcəyik.

Serbiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad ruhunda inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir, Kosovo və Metoxiya məsələsində Azərbaycanın prinsipial mövqeyinə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyaya göstərilən dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək Serbiyanın BMT-yə üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə prinsipial sadiqliyini vurğulayıram.

Hər zaman səmimi dostların əhatəsində olmağınızı, fədakar əməyinizin nəticələrinin gələcək nəsillər tərəfindən minnətdarlıqla qarşılanmasını arzu edir, bir daha Sizə dərin ehtiramımı bildirirəm”.

.