Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün verdikləri sənədləri onlayn qaydada təsdiq edə bilməyən abituriyentlər elektron növbə əsasında Sənəd Qəbulu Komissiyalarına müraciət edəcəklər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Onun sözlərinə görə, mayın 12-dən başlayaraq iyunun 5-dək ali məktəblərə və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə onlayn qaydada sənəd qəbulu aparılacaq. Mayın 25-dən sonra sənədlərini onlayn qaydada təsdiq etdirə bilməyən abityuriyentlər Sənəd Qəbulu komissiyalarına müraciət edə biləcəklər:

"Amma abiturieyntlər bunun üçün mayın 18-dən başlayaraq, elektron növbə sistemi ilə növbə götürməlidirlər. Onlar bu növbə sistemi əsasında Dövlət İmtahan Mərkəzinin inzibati binalarından birinə yaxınlaşacaqlar. Kimə hara rahatdırsa, orada sənədlərini təqdim edə biləcək. Amma sənədlərini onlayn qaydada təsdiq edə bilməyən abituriyentlərin sayı az olur. Onların əksəriyyəti sənədlərini onlayn qaydada təsdiq edə bilir".

DİM: Bu il imtahan günlərinin sayı artacaq

Bu il imtahan günlərinin sayı əvvəlki illərlə müqayisədə çox olacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Koronavirus pandemiyası ilə əlaqədar bu il imtahanların sanitar-gigiyenik tələblərin qorunması baxımından fərqli şəkildə edəcəklərini deyən N.Hüseynova bildirib ki, əvvəl imtahan zamanı zaldakı bir masa arxasında iki abituriyent əyləşə bilirdisə, bu il bunu edə bilməyəcəklər:

"Bu il imtahan zallarında bir masa arxasında bir şagird əyləşəcək. Əvvəl bir zalda 30-a yaxın abituriyent əyləşdirə bilirdiksə, indi bu rəqəm 12-15 nəfərdən çox olmayacaq. Əvvəl 30 min abituriyent bir gündə imtahan verirdisə, bu il bütün bu rəqəmləri ikiyə bölməli olacayıq. Ona görə də bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan günlərinin sayı da artacaq".

.