
Bu gün xalq artisti Yaşar Nurinin anım günüdür.
Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.
ATV.az xəbər verir ki, Yaşar Nuri səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən” verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino”, "Qaranquş”, "Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.
Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Bəyin oğurlanması" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" və bir çox sevilən teletamaşalarda rol alıb. Bu, milli dramaturgiyamızda ən məşhur fənddir.
Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!