"Avropa Parlamenti erməni lobbisinin dəstəyi ilə Avropanın maraqlarını tapdalamaq və dünyanın iqtisadi xəritəsini dəyişdirmək məqsədini daşıyan qüvvələrin alətinə çevrilir. Azərbaycana qarşı qətnaməsini qəbul edən şəxslərin sayı bəlkə də Avropa Parlamentinin cəmi 3-4 faizini təşkil edir. Amma bu şəxslər birləşib Avropa Parlamentinə heç də başucalığı gətirməyən və Avropanın maraqlarına zidd olan hərəkətləri qəbul etdirmək imkanını əldə ediblər”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Səməd Seyidov Avropa Parlamentinin ötən gün Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən bildirib ki, bu, Azərbaycanla bağlı birinci belə hal deyil. Onun sözlərinə görə Avropa Parlamenti çox böyük pafosla Ukrayna ilə bağlı qətnamə qəbul etdi və bundan sonra sözügedən ölkə çətin və mürəkkəb situasiya ilə üz-üzə qalaraq torpaqlarını itirdi. Səməd Seyidov Azərbaycan haqqındakı qətnamə tipindəki addımların atılmasını dünyada təhlükəsizlik sistemini zərbə altına qoyduğunu vurğulayıb.
"Populist və reallığa uyğun olmayan məsələləri ciddi bir təşkilatın gündəminə gətirəndə qurumun özünün nüfuzu aşağı düşür. Təəssüflər olsun ki, dünyada ümumi geosiyasi və təhlükəsizlik sistemi laxlamağa başlayır. Bu da nəticədə heç bir xeyir gətirmir. Digər bir məsələ Azərbaycanın müstəqil mövqeyi ilə bağlıdır. Azərbaycanın mövqeyi regiondakı digər ölkələrin mövqeyindən əsaslı şəkildə fərqlənir. Azərbaycan bu gün nə Gürcüstan, nə də Ermənistanla müqayisə oluna bilər. Azərbaycan çox güclü iqtisadi potensiala malik olan və ən əsası öz xalqının maraqlarına uyğun siyasət yürüdür”.
Səməd Seyidov sözügedən qətnamənin qərəzli olduğunu göstərən məqamlara diqqət çəkib: "Qətnamənin ikinci bəndində yazılır: "Dərhal hüquq-mühafizə orqanları insan haqlarını riayət etsin və bəzi şəxsləri azadlığa buraxsın”. Digər bir bənddə isə belə qeyd olunur: "Dərhal Azərbaycan bir neçə qanunları dəyişdirsin”. Bu məsələlər ona dəlalət edir ki, bunlar müstəqil dövlətin nə olduğunu başa düşmürlər. Bu qətnamənin qəbul prosesində Çexiyadan olan bir deputat demək olar ki, belə sözləri deyib: "Azərbaycan müstəqil və suveren dövlətdir. Bizim ona öz demokratiya konsepsiyamızı tətbiq etmək haqqımız yoxdur. Bu doğru deyil, qəbuledilməzdir. Siz nələr edirsiniz?”.
Lakin bu çıxışa baxmayaraq, başqaları təsir altına düşüb bu qətnaməni gündəmə gətirib qəbul etdirdilər. Digər bir məqam da ondan ibarətdir ki, bizdən Ermənistanla əlaqələr qurmağa çalışan şəxslərə xoş münasibət bəslənməsi tələb olunur. Biz xoş münasibətlərin qurulmasına etiraz etmirik. Bəs Qarabağı, işğal edilmiş torpaqları, Xocalını yaddan çıxardaq?! Ondan sonra da bəyan edirlər ki, biz dialoqda iştirak etməliyik. Əvvəl deyirlər ki, öz dediklərini yerinə yetirək, sonra da dialoqa çağırırlar. Nə vaxt Azərbaycan tərəfini bunlar dialoqa, fikir mübadiləsinə dəvət ediblər?! Təəssüflər olsun ki, bir zaman. AVRONEST yaradıblar ki, guya bizimlə konsultasiya aparmaq imkanını əldə etsinlər. Ancaq bizi dialoqa, konsultasiyaya dəvət etməyiblər. Özləri Avropa Parlamentində ağıllarına gələn məsələləri gündəmə gətirib onu qəbul edirlər”.
AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti rəhbəri bildirib ki, qətnaməni qəbul edən deputatlar heç Azərbaycanda olmayıblar.
"Təəccüblüdür, onların heç biri Azərbaycanda olmaya-olmaya qətnaməyə dəstək verirlər. Mən heç vaxt Brüsseldə olmasaydım, Strasburqa getməsəydim, bu təşkilatların içərisində olmasaydım hansı əsasla onlar haqqında hər hansı fikir səsləndirməzdim. Amma bunlar Azərbaycanda olmaya-olmaya ölkəmiz haqqında mənfi rəy formalaşdırmağı özlərinə rəva bilirlər. Azərbaycanda gedən prosesləri dərk etmədən onlar bunu təhlil etməyə çalışırlar. Qətnamənin içərisində hədə-qorxu ilə təkliflər irəli sürürlər. Onlar deyir ki, "Şərq Tərəfdaşlığı”ndan maliyyəmiz kəsilsin. Bu gün isə Avropa Azərbaycana maliyyə köməkliyi etmir. Əksinə, Azərbaycan Avropaya maliyyə yardımı edir. Bunlar deyəsən dünyadan təcrid olunmuş insanlardırlar”.
Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə qətnamə qəbul edib. Qətnamədə Azərbaycanda insan haqları, demokratiya məsələləri ilə bağlı vəziyyət tənqid olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı Avropa Parlamentinə etiraz edərək ,qətnaməni qeyri-obyektiv və əsassız adlandırıb.
.