Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, bundan sonra əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməməsi qanunvericiliyin pozulması halı kimi qiymətləndiriləcək.
Bu barədə virtualaz.org saytına nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Xəbərdə deyilir ki, iyulun 1-dən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi prosesinə start verilib.
Nazirlik qeyd olunan bildirişlərin sistemdə qeydiyyatdan keçirilməsi prosesində fəallığın daha da artırılmasının vacibliyini, əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməməsinin qanunvericiliyin pozulması halı kimi qiymətləndiriləcəyini diqqətə çatdırır.
Nazirlik işəgötürənlərin nəzərinə çatdırır ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli qanun ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsası müəyyən olunub, Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən isə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifələrinə aid edilib.
Nazirlik bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Bu məcəllənin 53.1-ci maddəsi, həmin maddədə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə "xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur. Eyni zamanda, Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
.
