Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı brifinq keçirib.
Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişinə nəzarətin həyata keçirilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm fəaliyyət sahələrindən biri olduğunu qeyd edərək bildirib ki, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər.
Bir neçə gün öncə, noyabrın 4-də rayon və şəhər Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorlarının iştirakı ilə nazirlikdə iclas keçirildiyini diqqətə çatdıran Çingiz Əliyev iclasda ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən mərkəz direktorlarına ciddi tapşırıqlar verildiyini vurğulayıb.
.