APA TV-nin cənub bürosunun məlumatına görə, nəticədə Lənkəranda bir sıra problemlər yaranıb. Sel suları fərdi həyətyanı sahələri, yaşayış evlərini, əkin yerlərini basıb, sakinlərə xeyli ziyan dəyib.
Sel Girdəni çayı üzərində yerləşən körpünü uçurub. Daha çox ziyan rayonun Şilavar və Digah kəndləri ərazisində yaşanıb. Belə ki, həyətləri sel suları basdığından, məktəb yaşlı uşaqlar bu gün dərsə gedə bilməyiblər.
Yerli sakinlərin sözlərinə görə, artıq bir neçə ildir Lənkəran rayonunda bu cür mənzərə hökm sürür. Yağış yağan kimi kəndlər və evlər yağış sularına qərq olur. Buna səbəb isə suötürücü kanalların işləməməsi göstərilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin rəisi Cavid Hüseynovun verdiyi məlumata görə, bölgədə yağıntılar aylıq normanın 50%-i təşkil edib. Yağıntı nəticəsində çaylarda sululuğun səviyyəsi 50-70 sm-ə qədər artıb. Növbəti günlərdə isə dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.
Proqnoza görə, bölgədə qeyri-sabit hava şəraiti oktyabrın 14-ə kimi davam edəcək. Hazırda yağmurlu hava şəraiti davam etməkdədir.
