
Fırıldaqçıların qarşısına sədd çəkilir
"Ötən il Səhiyyə Nazirliyi Kadrlar, elm və təhsil şöbəsində sənədlərin araşdırılması prosesində 64 saxta diplom aşkarlanıb və Nazirliyin Hüquq və daxili nəzarət sektoruna təqdim edilib. Onlardan 9-u ali, qalanı orta ixtisas tibb təhsili diplomlarıdır”. Bu haqda bizə Səhiyyə Nazirliyi Kadrlar, elm və təhsil şöbəsinin böyük məsləhətçisi Nəcibə Hüseynova məlumat verdi.
Nazirlik rəsmisi saxta diplomların aşkarlanması prosesinə 2010-cu ildən başlandığını vurğuladı. Qeyd etdi ki, təkmilləşmə kurslarına göndərilən müdavimlərin və işə qəbulla bağlı müraciət edən ali və orta ixtisas təhsilli tibb işçilərinin diplomlarının yoxlanması zamanı belə faktlar müəyyənləşdirilib: "Hər il təxminən 60-70 saxta sənəd aşkarlayırıq. Mütəxəssislərin təkmilləşmə kurslarına göndərilməsinin geniş miqyas alması, tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu və sertifikasiya imtahanları saxta diplomların aşkarlanması prosesini daha da sürətləndirdi. Son dövrlər bu sahədə görülən işlər artıq hər hansı saxta sənədlə fəaliyyəti və ya işə qəbulu mümkünsüz edir. Bütün tibb işçilərinin ilk sertifikasiyadan keçmə prosesi yekunlaşdıqdan sonra artıq saxta diplomların aşkarlanması da azalacaq. Çünki sertifikasiya imtahanından keçən hər bir tibb mütəxəssisinin sənədləri bizim şöbədə yoxlanılır. Eyni zamanda, işə qəbul artıq mərkəzləşmiş qaydada həyata keçirildiyi üçün yeni fəaliyyətə başlamaq istəyənlərin sənədlərinin də hamısı yoxlamadan keçir”.
Əsasən stomatoloq və terapevt diplomları saxtalaşdırılır
Nəcibə Hüseynova yoxlamalar nəticəsində aşkarlanan saxta diplomların müxtəlif dövrlərə, əsasən 1989-1990-cı illərə aid olduğunu dedi. Hətta xarici ölkələrin, xüsusən Rusiya kolleclərinin diplomlarının da saxtalaşdırıldığını vurğuladı. Bu sənədlərin özəl tibb müəssisələrinin adından qeyri-qanuni şəkildə kimlərsə tərəfindən verildiyini diqqətə çatdıran böyük məsləhətçi diplomların saxta olub-olmamasını müvafiq təhsil müəssisələrinə sorğu göndərməklə müəyyənləşdirdiklərini dedi: "Əsasən stomatoloq və terapevt ixtisasları üzrə qeyri-qanuni sənədlərə təsadüf edilir. Niyəsə bəzi insanlar hesab edirlər ki, hansısa həkimin yanında bir neçə müddət praktika keçməklə mütəxəssis ola bilərlər. Bəzi fırıldaqçılar da belə düşüncə tərzinə sahib şəxslərin avamlığından istifadə edərək, onlar üçün müəyyən məbləğ qarşılığında saxta sənədlər düzəldirlər. Ancaq belə fırıldaqçıların da, saxta diplom sahiblərinin də dövrü keçdi. Onlar bundan sonra belə sənədlərdən yararlana bilməyəcəklər”.
Səhiyyə Nazirliyi Hüquq və daxili nəzarət sektorunun böyük məsləhətçisi Nurlan Rəhimov da bildirdi ki, tibb işçilərinin işə qəbulu və sertifikasiyası zamanı müvafiq prosedur qaydaları tibb mütəxəssislərinin təhsili haqqında diplomların araşdırılmasına imkan verir və bu proses hazırda davam etdirilir: "Kadrlar, elm və təhsil şöbəsində araşdırma prosesində aşkarlanan saxta sənədlər Hüquq və daxili nəzarət sektoruna təqdim olunur. Biz isə həmin sənədləri hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəririk. Qeyd edim ki, ötən il aşkarlanan 64 saxta diplomdan 63-ü artıq hüquqi qiymət verilməsi üçün həmin İdarəyə göndərilib”.
N.Rəhimov yeni ildə də belə sənədlərin artıq aşkarlandığını və onların da eyni qayda ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim olunacağını vurğuladı.
Ü.FƏRZƏLİYEVA