Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti Ağdərə rayonu Talış kəndində əhali üçün səyyar müayinələr təşkil edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Aksiya çərçivəsində Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, fizioterapevt-reabilitoloq və tibb bacısından ibarət heyət əhaliyə tibbi baxış keçirib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və EEQ (Elektroensefaloqrafiya) müayinələri aparılıb.
Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.
İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən medikamentoz terapiya ilə yanaşı, həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik edən profilaktik tövsiyələr verilib.
Aksiya zamanı 70-dən artıq vətəndaş müayinələrdən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
.