Səhiyyə naziri Oqtay Şirəliyev hepatit virusuna yoluxmuş xəstələrin diaqnozlarının müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkilinin təkmilləşdirilməsinə dair əmr verib.
Əmrə əsasən nazirlikdə "Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiya” yaradılıb.
Bu barədə yenizaman.az-a nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib. Bundan başqa, şəhər və rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.
Xatırladaq ki, iyulun 28-də Beynəlxalq Hepatitlə Mübarizə Günü qeyd ediləcək. Həmin gün bütün dünyada hepatitin yayılması və xəstəlikdən qorunması məqsədilə maarifləndirici təbliğatlar aparılır.
Qeyd edək ki, ötən il 524 nəfərdə viruslu hepatit aşkarlanıb. Bunlardan da 150-si Hepatit A, 223-ü Hepatit B, 151-i Hepatit C-dir.
.