Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 4-cü ildönümü ilə əlaqədar müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və bir qrup hərbi qulluqçu İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

.