Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfərə gedib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhidin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün qəbrini, Qurtuluş Savaşı Muzeyini və Atatürk Muzeyini ziyarət ediblər.

Səfər davam edir.

Qeyd edək ki, V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub.

Təlimlərdən sonra H.Akar Məmiyevə mükafat təqdim edib, şəkil çəkdirib və söhbət edib. Türkiyəli nazir hərbçilərə üz tutaraq bunu söyləyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox yaxşıdır. Ancaq əsas vəzifəniz 30 ildir işğal altındakı torpaqlarınızı azad etməkdir. Buradakı uğurlarınızı döyüş meydanında da sübut etməlisiniz”.

V.Məmiyevin cavabı isə belə olub: “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmr gələn kimi ərazilərimizi işğaldan azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”. Qubadlı uğrunda döyüşdə yaralanan hərbçi yerləşdirildiyi xəstəxanada məqsədinə çatdığını söyləyib: “Mən artıq məqsədimə çatmışam. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bir müddət sonra yaralı hərbçi şəhid olub.

.