Qarabağ müharibəsində şəhid olmuş, itkin düşmüş şəxslərin ailəsi və əlil olmuş bir qrup vətəndaş hələ də dövlət icbari sığorta pulunu ala bilmir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanununa əsasən bu şəxslərə 11 min manat olan dövlət icbari sığorta pulu ödənilməlidir.
Şikayətçi Əli Məmmədovun sözlərinə görə, bu kateqoriyadan olan digər vətəndaşlar kimi onun da ailəsi 2010-cu ildən bu günə kimi sözügedən vəsaiti ala bilmirlər: "Mənim qardaşım Azərbaycanın ərazi bötüvlüyü uğrunda şəhid olub. Şəhid ailəsi olaraq bizə çatacaq sığorta pulunu ala bilmirik.
İcbari sığorta ödənişinin verilməsi vəzifəsinə cavabdeh dövlət sığorta şirkəti olan "Azərsığorta"dır, o da müraciətimizə müsbət cavab vermir. Milli Məclisin deputatları da müraciətimizə müsbət vədlər versələr də, vədləri vəd olaraq qalır. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, 2015-ci ilin ilk yarısına qədər bu məsələ həll olunacaq. Amma hələ ki, heç bir addım atılmır. Şəhid ailələrinin banklara borcu var. Bu borcu ödəməlidir. Onların tələbinin hüquqi əsası var. Biz haqqımızı tələb edirik".

Onun sözlərinə görə, problemlə bağlı dəfələrlə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə də müraciət edib: "Amma müraciətə müsbət cavab verilmədi. Maliyyə Nazirliyindən bildirildi ki, 10 avqust 1997-ci il tarixdən qüvvəyə minmiş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 6-cı maddəsinə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən "Azərsığorta"ya qanun qüvvəyə mindikdən sonra hər il dövlət büdcəsindən ayrılmış vəsait hesabına sığorta haqqı ödənilir. Həmin qanun qəbul edilməzdən əvvəl hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər həmin qanunda göstərilən şərtlər əsasında sığortalı olmayıblar".
Milli Məclisin sədri Oqtay Əsədov vəd verib ki, şəhid ailələrinin bu problemi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunacaq. Belə ki, 1 sentyabr 2000-ci il tarixinədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilib. Qeyd edilən hal mülki qanunvericiliyin tələblərinə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia müddəti üçün nəzərdə tutulan üç il keçdiyinə görə sığorta ödənişinin verilməsi qeyri-mümkündür.
.