"Azərbaycan və Rusiya prezidentləri fəal dialoq aparır".
Bunu Rusiyanın Azərbaycandakı səfirliyinin müşavir-elçisi Oleq Muraşyov Azərbaycan-Rusiya əlaqələrinin 25 illiyinə həsr olunmuş dəyirmi masada deyib.
"Bu dövrdə Azərbaycan və Rusiya arasında yeni əlaqə forması yaranıb. Bu, bir-birinin suverenliyinə hörmət etməkdir, xalqlar arasında ənənəvi dostluq münasibətləridir, beynəlxalq platformalarda fəal əməkdaşlıq etməkdir. Həmişə bir-birimizin mövqeyinə hörmətlə yanaşırıq", - deyə O.Muraşyov bildirib.
Onun sözlərinə görə, 25 il ərzində müxtəlif sahələrdə 200-dən çox saziş imzalanıb.
"Bu gün parlamentlərarası, regionlararası əməkdaşlıq fəal inkişaf edir. Amma ilk növbədə ticarət əlaqələrinin inkişafı barədə düşünməliyik. Belə ki, 2014-cü ildə 4 milyard ABŞ dolları həcmi ilə pik nöqtəyə çatdıq, amma sonradan dünya konyukturundakı dəyişikliklərlə əlaqədar dövriyyə rəqəmləri xeyli azaldı", - müşavir vurğulayıb.
O, Azərbaycan və Rusiya liderləri arasında fəal əlaqələrin olduğunu bildirib. "Məncə, belə dialoq bundan sonra da davam edəcək", - O.Muraşyov əlavə edib.
