Bir neçə gündür mətbuatda keçmiş müdafiə naziri Səfər Əbiyevin ölkədən getdiyi, qayıdan kimi həbs olunacağı ilə bağlı məlumatlar yayılır. Onun hətta Çexiyada olduğu da iddia edilir. Bəzi mənbələr isə hətta bildirirlər ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi keçmiş müdafiə nazir Səfər Əbiyevin 19 illik fəaliyyəti ilə bağlı maliyyə hesabatı hazırlayır.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov Modern.az-a deyib ki, hazırda keçmiş müdafiə nazirinin fəaliyyəti ilə bağlı heç araşdırma aparılmır. Onun fikrincə, vaxtaşırı yayılan bu məlumatlarda konkret mənbə göstərilmir, fərziyyələr söylənilir.
"Hərbi Prokurorluq ciddi bir qurumdur və hərbi sahə ilə bağlı olan hər hansı vəzifəli şəxsin fəaliyyəti araşdırılanda, konkret qərar veriləndə rəsmi məlumat yayılır”.
Modern.az-ın əldə etdiyi məlumata görə, keçmiş müdafiə nazirinin Çexiyaya getməsi də təsdiqlənmir. Ona yaxın mənbə deyib ki, iki gün əvvəl Səfər Əbiyevlə Bakıdakı mənzilində görüşüblər və keçmiş müdafiə naziri 19 illik fəaliyyəti ilə bağlı araşdırma aparılması haqda yayılan məlumatları əsassız adlandırıb.
***
Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun həbsindən sonra sabiq müdafiə naziri Səfər Əbiyev ölkəni tərk edib. Bu barədə azadliq.info-ya daxil olan məlumatda iddia edilir ki, Səfər Əbiyev Avropa ölkələrindən birinə gedib. Keçmiş müdafiə nazirinin ölkəni tərk etməsinin məhz Müdafiə Nazirliyindəki həbslərlə bağlı olub-olmadığı bəlli deyil. Sadəcə Şahin Sultanovun həbsindən sonraya təsadüf etdiyi üçün belə ehtimallar var ki, Səfər Əbiyev bu səbəbdən Azərbaycanı tərk edib.
Qeyd edək ki, hərbi ekspert Üzeyir Cəfərov həbslərin davam edəcəyini və bir neçə yüksək rütbəli zabitin də məsuliyyətə cəlb olunacağını bildirmişdi. Onun sözlərinə görə, artıq general Məmməd Beydullayev istintaqa cəlb olunub. Lakin general deyilənləri təkzib edib. Bəzi iddialara görə, bu həbslər Səfər Əbiyevin məsuliyyətə cəlb olunması ilə bağlı planın tərkib hissəsidir.
Səfər Əbiyevin tutduğu vəzifədən azad ediləndə belə xəbərlər yayılmışdı ki, onu yeni təyinat gözləyir. Lakin bu məlumat təsdiqlənmədi. Əksinə, Səfər Əbiyevə yaxın adamların işdən çıxarılması və tutulmasına start verildi. Eyni zamanda hakimiyyətə yaxın mediaya keçmiş müdafiə naziri ilə bağlı komparamat materiallar "ayaq açdı”. Səfər Əbiyev özü baş verənlərə münasibət bildirərkən "mən bunların hansı mərkəzdən idarə edildiyini bilirəm” demişdi. Bununla da hakimiyyət daxilində hansısa qruplaşmanın hədəfində olduğuna işarə vurmuşdu.
.
