Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyi münasibətilə media nümayəndələri üçün Yay məktəbi təşkil olunub. "Azərbaycan Milli Elmlər Akademiyasının Sosial Siyasət və Təbliğat Kampaniyası-2015” layihəsi çərçivəsində keçirilən "Science Activity-2015” adlı iki günlük Yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak edir.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) keçirilən tədbiri giriş sözü ilə İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev açaraq iştirakçıları salamlayıb. Bildirib ki, AMEA-nın artan inkişaf tempi ölkə vətəndaşları tərəfindən yüksək rəğbətlə qarşılanmaqdadır. Həyata keçirilən islahatlar Akademiyanın sosial-iqtisadi inkişafına, eləcə də alimlərimizin elmi göstəricilərin yüksəldilməsinə zəmin yaradır.

Şöbə rəisi əlavə edib ki, bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülməkdədir. Ali və orta məktəblərdə tələbə-şagird kontingenti ilə keçirilən müntəzəm görüşlər, kütləvi informasiya vasitələrində yayımlanan təbliğat xarakterli məlumatlar, təşkil olunan proqramlar öz səmərəsini verməkdədir. B.Əliyev ölkə mediasının bu sahədə yaxından iştirakı üçün həvəsləndirilməsinin, onlarla AMEA-nın mənafeyinə uyğun olan formada qurulmuş münasibətlərin möhkəmləndirilməsinin səmərənin keyfiyyət göstəricilərini yüksəldəcəyini vurğulayıb.

B.Əliyev AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, eyni zamandaAkademiya ilə əməkdaşlıq edən jurnalistlərin daha da stimullaşdırılması məqsədi ilə təşkil olunan "Science Activity - 2015” adlı Yay məktəbinin və burada iştirak edən jurnalistlərin sertifikatla mükafatlandırılmasının bu istiqamətdə daha artıq uğurlu nəticələrin əldə olunması üçün böyük imkanlar yaradacağını qeyd edib. Tədbirin Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyi ərəfəsində keçirilməsinin də xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyi ölkədə bayram səviyyəsində qeyd olunur. O, media işçiləri ilə Akademiya və alimlər arasında yaxın münasibətlərin əhəmiyyətindən danışıb. Son illər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə həyata keçirilən islahatlar və görülən işlərin Akademiyanın fəaliyyətində inkişafa səbəb olduğunu vurğulayıb.

60 illik tarixi olan ŞAR-ın fəaliyyətindən danışan alim bildirib ki, qurum sovet dövründə xüsusi yerə malik olub. Həmçinin, son illər bu rolun azaldığını diqqətə çatdıran N.Cəlilov bu geriliyin aradan qaldırılmasında kadr hazırlığının mühüm əhəmiyyətə malik olduğunu deyib.

Daha sonra ŞAR-ın digər alimləri çıxış edərək, layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzu ediblər.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (AMEA) İdarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova təlim çərçivəsində "Gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyəti KİV-də” adlı təqdimatla çıxış edib. Alim şuranın fəaliyyət və məqsədlərindən, bu istiqamətdə görülən işlərdən, həmçinin, Akademiya rəhbərliyinin həyata keçirdiyi istlahatlardan danışıb. F. Əlimərdanova əldə olunan еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi məsələləri də toxunub. Qeyd edib ki, AMEA rəhbərliyi Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı istiqamətində də işlər görür. Elm və texnologiyaların sürətlə inkişaf etdiyi, intellektual nailiyyətlərin insan həyatına nüfuz etdiyi müasir dövrdə elmin müxtəlif sahələri üzrə biliklərin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin elmi əsasda ictimaiyyətə çatdırılması ölkə jurnalistləri qarşısında yeni vəzifə kimi formalaşmışdır.

O, Azərbaycan elminin dünyaya inteqrasiyasının gücləndirilməsi, alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsi, həmçinin elmi nailiyyətlərin cəmiyyətə, təhsil müəssisələrinə çatdırılmasının mühüm vəzifələrdən olduğunu deyib. Vurğulayıb ki, elmin populyarlaşdırılması və innovativ nailiyyətlər haqqında məlumatların cəmiyyətə çatdırılması işi məhz həmin vəzifələrdən irəli gəlir. Bunu nəzərə alan Rəyasət Heyəti 2013-cü il mayın 29-da İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında qərar qəbul edib. Son illlər ərzində şöbənin təşəbbüsü ilə akademiyanın 40-dan çox elmi müəssisə və təşkilatına jurnalistlər cəlb olunub və nəticədə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradılılıb. Bu şəbəkə elmin təbliği, xüsusən gənc alim və mütəxəssislərin geniş ictimayyətə tanıdılmasında, onların nailiyyətlərinin işıqlandırılmasında mühüm rol oynayır.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Yay məktəbinin ilk gününün yekununda iştirakçılar Rəsədxanada teleskopla səma cisimlərini müşahidə edəcəklər.


.