Haiti prezidenti Jovenel Moizin öldürülməsi ilə əlaqədar saxlanılan amerikalılar dindirilmə zamanı dövlət başçısına edilən hücumda əsas məqsədi açıqlayıblar. Onların sözlərinə görə, muzdluların hədəfi ölkə rəhbərini öldürmək olmayıb.

Bu barədə “Nouvelliste” istintaqda iştirak edən hakimə istinadla xəbər verib.

Məlumata görə, saxlanılanlar arasında Haiti əsilli iki amerikalı da var.

“Onlar tərcüməçi olduqlarını deyirlər. Muzdluların məqsədi prezident Moizi istintaq hakiminin fərmanı ilə həbs etmək idi, öldürmək yox”, - deyə hakim Klement Noel bildirib. Söhbətin hansı əmrdən getdiyi isə açıqlanmır.

Noelin sözlərinə görə, şübhəlilərdən biri bu işi internetdə tapdığını bildirib. O, Haitiyə bir ay əvvəl, muzdlular isə üç ay əvvəl girib.

Hakim eyni zamanda qatillərin olduğu iddia edilən avtomobillərdə aparılan axtarışların nəticələrindən də danışıb. Onun sözlərinə görə, orada odlu silahlardan və dollarlardan əlavə, Moizin evində quraşdırılmış müşahidə kamerasının serveri və birinci xanımın çek dəftəri də tapılıb.

Qeyd edək ki, cinayətlə əlaqədar Haiti hüquq mühafizə orqanlarının əməkdaşları 26-sı Kolumbiya vətəndaşı olduqları iddia edilən 28 cinayətkarı təsbit etdiklərini bildiriblər. Tayvan səfirliyi, öz növbəsində, 11 şübhəlinin diplomatik nümayəndəlik ərazisində saxlanıldığını xəbər verib. Ümumilikdə 17 şübhəli nəzarətə alınıb, daha yeddi nəfər polis əməliyyatları zamanı məhv edilib.

Xatırladaq ki, Haiti prezidenti iyulun 7-də gecə evinə edilən hücumda ölümcül yaralanıb. Onun həyat yoldaşı Martine Moizin vəziyyəti ağırdır. Prezidentin öldürülməsindən sonra, müvəqqəti prezident seçilənə qədər hökumətə Nazirlər Kabineti rəhbərlik edəcək.

 

.