Ölkəmizə səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

“Azərkosmos”-dan verilən məlumata görə, görüş zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Nazir müxtəlif sahələrdə, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar sektorunda əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Kosmik sahədən bəhs edən Rəşad Nəbiyev qeyd edib ki, “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərinin Fransanın “Arianespace” şirkəti tərəfindən orbitə buraxılması Azərbaycanın avropalı tərəfdaşlarla əməkdaşlığa önəm verdiyinin bariz nümunəsidir. Nazir əlavə edib ki, “Azersky” – Yerin məsafədən müşahidəsi peyki 2014-cü ildə “Airbus Defence and Space” şirkətindən alınıb.

Rəşad Nəbiyev Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə EGNOS – Avropa Geostasionar Naviqasiya Xidmətinin genişləndirilməsində tərəfdaş olmasını yüksək qiymətləndirib.

Çıxışının sonunda 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresindən söz açan Rəşad Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli həmin tədbirdə iştiraka dəvət edib.

Görüş çərçivəsində qonaqlara ölkəmizdə kosmik sahənin qurulması və inkişafı barədə təqdimat nümayiş olunub. “Azərkosmos”un missiyasının dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri təqdim etmək olduğu, yerli və qlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işlərin aparıldığı qonaqların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsinə dair işlər davam edir.

Sonda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

.