“Biz İkinci Qarabağ müharibəsindən sonra parlamentlərarası əlaqələri daha geniş sferada təşkil edərkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas tapşırıqlarından biri ondan ibarət oldu ki, Türkiyədə nə varsa, eyni model Azərbaycanda da olmalıdır”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Ş. Ayrım qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi başda olmaqla bir çox sahələr üzrə inkişafa çox böyük investisiyalar qoyulur:

“Bilirsiniz ki, Azərbaycan neft-qaz ölkəsidir və Türkiyə ilə arasında davam edən çox ciddi böyük layihələr var. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti, TANAP və TAP layihələrini biz Azərbaycan və Türkiyə olaraq reallaşdırmışıq. Ancaq, bu layihələrin dünyada sülhə nail olmaq istiqamətində xidmət etməsi üçün parlamentlərarası əlaqələr çox önəmlidir.

Biz də hər fürsətdə Türkiyə parlamentariləri olaraq, xaricdə və ölkə daxilində Azərbaycanla Türkiyə arasındakı bu meqa layihələrin əhəmiyyətindən bəhs edirik. Məsələn bu gün Avropada, təbii qaz böhranı yaşanır. Rusiya, Avropaya qarşı embarqo tətbiq edib. Bu tarixi dövrdə Türkiyə, Azərbaycan qazının və neftinin, həmçinin Mərkəzi Asiyadan Türkmənistan qazının Avropaya çatdırılması üçün vacib rol oynayır. Biz də, Azərbaycandan olan həmkarlarımızla bərabər beynəlxalq ictimaiyyətə bunları izah etməyə çalışırıq"

Türkiyəli deputat, Vətən müharibəsindən sonra iki qardaş ölkə üçün prioritet olan mövzulardan bəhs edib :

“Bu gün bizim üçün ən önəmli məsələlərdən də biri, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycan-Türkiyə həmrəyliyinə və qardaşlığına zərər yetirmək istəyənlərə qarşı mübarizə aparmaqdır.

Çünki, Azərbaycan-Türkiyə münasibətləri bütün türk dünyası üçün nümunəvi əlaqələrdir. Bu gün, digər türkdilli dövlətlər arasında da müsbət irəliləyişlər müşahidə olunur. Biz bu irəliləyişləri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha aydın görürük və aydın məsələdir ki, Mərkəzi Asiyadaki digər türkdilli dövlətlər də artıq bu istiqamətdə aktiv fəaliyyətə başlayıblar”.

.