
Şamaxıda baş verən ağır yol qəzasında ölən şəxslərdən biri jurnalist olub.
Bu barədə APA-ya "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib. A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri - Fuad Abdürrəhmanlı "Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışıb.
Mərhum bu gün Şəkidə dəfn ediləcək.
Onu da qeyd edək ki, qəzada dünyasını dəyişənlərin hamısının şəxsiyyəti məlum olub. Onlar "Mercedes”in sürücüsü, Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlu, onun sərnişinləri - həmyerliləri, 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu, 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu və haqqında yuxarıda danışdığımız 1986-cı il təvəllüdlü Abdürrəhmanlı Fuad Şahid oğludur.
* * *
Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə sentyabrın 22-də saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.
Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı "Merсedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı "KamAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 nəfər sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlər vasitəsilə avtomobili kəsərək orada sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Ölənlərin bəzilərinin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Qəzadan sonra "KamAZ”ın sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.
.