Daxili İşlər Nazirliyi Salyanda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da saat 18 radələrində Salyan şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Gülbəniz Camalova və Neftçala rayon sakni Səidə Qədirova vurulublar. Nəticə S.Qədirova hadisə yerində ölüb, G.Camalova isə xəstəxanaya yerləşdirilib. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "QAZel" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Qaşqay Mehbalıyev saxlanılıb.

 

 

Bundan başqa noyabrın 10-da saat 21 radələrində Salyan rayonunun Xıdırlı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub. O, xəstəxanaya aparılarkən yolda ölüb.

 

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:27

 

Salyanda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az-ın məlumatına görə, Ələt-Astara magistralının 17-ci kilometrliyində naməlum avtomobil 35-40 yaşlı kişini vurub. Şəxsiyyəti hələlik müəyyənləşməmiş şəxs hadisə yerindəcə keçinib. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

 

Oxşar hadisə Salyan rayonu ərazisində - Ələt-Astara magistralının 46-cı kilometrliyində də qeydə alınıb. Burada avtomobil yolu keçməyə çalışan iki qadını vurub. Nəticədə 1974-cü il təvəllüdlü Qədirova Səidə Arif qızı vəfat edib. Digər piyada Camalova Gülbəniz Nüsrət qızı isə ağır xəsarət alıb.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

.