İdarə rəisi Həsən Zülfüqarovun cinayətlərinin qarşısını alan tapılmır

Depo işçiləri prezident İlham Əliyevdən, nəqliyyat naziri Ziya Məmmədovdan, baş prokuror Zakir Qaralovdan və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərovdan kömək istəyirlər

Salyan 3 saylı Lokomotiv Deposunun işçiləri idarə rəisi Həsən Zülfüqarovun özbaşanalıqlarından boğaza yığıldıqları barədə ölkə mediasında kifayyət qədər yazılıb. Məlumatlarda bildirilirdi ki, Lokomotiv Deposunun 100-ə yaxın işçisi etiraz olaraq işləri dayandırmağı planlayır. Buna səbəb isə idarə rəisinin işçilərə qarşı qeyri-insani davranışıdır. İdarə rəisi Həsən Zülfüqarov işçiləri iş vaxtından əlavə işləməyə məcbur edir və bu zaman fəhlələrə əlavə ödəmə yazılmır. Hətta Həsən Zülfüqarov işçilərə qarşı o qədər kobud davranır ki, hətta 19-cu əsrdə belə fəhlələrlə bu şəkildə davranılmayıb. Lakin bunlara baxmayaraq bü günə qədər Həsən Zülfüqarova Azərbaycan Dəmir Yolu idarəsinə olunan şikayətlər heç bir nəticə verməyib.
Məlumatlarda həmçinin idarə rəisi Həsən Zülfüqarov Lokomotiv Deposunu açıq şəkildə talan etdiyi qeyd edilridi. Bildirilirdi ki, ötən ilin sonlarında Texniki Təhlükəsizlik şöbəsinin müdiri Səftər Quliyev lokomotivlərdən sökdüyü 1450 kq MİSİ satarkən polis tərəfindən saxlanılaraq həbs edilib. Lakin sonradan Həsən Zülfüqarov öz işçisini azad etdirməyə nail ola bilib. Buna görə idarə rəisinin 14 min manat xərcinin çıxdıbı qeyd olunur.
Həmin hadisədən sonra Həsən Zülfüqarov bir daha «ilişib». Məlumata görə hazırda Rusiyada olan 20-dən artıq şəxsin adı Lokomotiv Deposunda işçi olaraq keçir. Həmin şəxslərin maaşlarını almaq üçün plastik kartlar Həsən Zülfüqarovda olub. Hüquq-mühafizə orqanlarına olunan anonim şikayət əsasında yoxlama aparılıb və idarə rəisindən 20-dən artıq maaş kartı müsadirə olunub. Həmin məsələ ilə bağlı Həsən Zülfüqarovun həbs olunacağı gözlənilsə də, bu baş verməyib.
Bu gün isə Həsən Zülfüqarovun növbəti özbaşınalıqları və korrupsiya əməlləri barədə "xeberci.org"a yeni ilginc məlumatlar daxil olub. Məlumatlara görə, H.Zülfüqarov bu özbaşınalıqları qohumu icra başçısı Tahir Kərimova arxalanaraq edir. Artıq Salyan 3 saylı Lokomotiv Deposunda vəziyyət o həddə çatıb ki, idarə rəisinin əlindən işçilər cana doyublar. Buna səbəb isə H.Zülfüqarovun depo işçilərini şərləməsidir. İdarə rəisi özünün korrupsiya əməllərini ört-basdır etmək üçün bunu işçilərinin ayağına yazmaq istəyir. Elə bu səbəbdən də depoda çalışan işçilər idarə rəisinin qanunsuz addımlarından narazılıqlarını bildirirlər.
"Xeberci.org" vasitəsi ilə prezident İlham Əliyevə, nəqliyyat naziri Ziya Məmmədova, baş prokuror Zakir Qaralova, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərova və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət edən Salyan 3 saylı Lokomotiv Deposunun əməkdaşları idarə rəisinin qanunsuz əməllərindən şikayətçidirlər.
Adlarının çəkilməsini istəməyən və hər birinin 20-25 il iş stajı olan deponun işçiləri bildirir ki, idarə rəisi Həsən Zülfüqarov onları işdən qovacağı ilə hədələyir. Çünki onlar H.Zülfüqarova aylıq haqq ödəməkdən beziblər: "İdarə rəisi Həsən Zülfüqarov bizə verilən 20 litr istifadə olunmayan yanacağı da çox görür. Onu də əlimizdən alıb satır. Onun bu qanunsuzluğuna çox təəssüf ki, kimsə məhəl qoymur. Buna etiraz edəndə də bizi idarə rəisi yanına çağırıb işdən qovacağı ilə hədələyir. Bu ucuz bəhanəni əldə əsas tutan idarə rəisi bununla bərabər, idarədə qanunsuz yollarla tonlarla misləri satır. "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbər şəxsləri bu məsələni obyektiv araşdırsa Həsən Zülfüqarovun talançılığına şahid ola bilərlər. Lakin görünür dövlətin məqsədli şəkildə oğurlanmış və dəyəri milyonlarla hesablanan tonlarla mis məmulatlarının aqibətini araşdırmaq, rəhbərliyin marağında deyil. Çünki ortada milyonların söhbəti gedir və burada özləri baş roldadırlar".
"Xeberci.org"a depo işçiləri bundan əlavə bildirirlər ki, qoy ölkə rəhbərliyi dövlətin əmlakını talayan idarə rəisi Həsən Zülfüqarovun əməllərinə qiymət versinlər: "Depoda baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı müraciətlər göndərilib. Lakin görünür Həsən Zülfüqarovun əli uzun olduğundan ona gözün-üstə qaşın var deyən tapılmayıb. Eyni zamanda depo işçiləri qeyd edirlər ki, depodakı generatorlarla sökülərək onlarda olan mislər çıxarılıb: «Mislər atılıb, generatorlar isə yararsız hala salınıb. Bununla kifayətlənməyən rəhbərlik Bakıdan təmir üçün depoya gətirilmiş teplovozları da yararsız hala salıblar. Onların akkumlyatorlarını da sökərək içindəki mislər çıxarılıb. Təəssüf ki, buna bənzər qanunsuzluqlarla bağlı Korrupsiyaya Qarşı Mübarizə idarəsinə çoxsaylı müraciətlərimizə hələ də cavab verilməyib….».
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
.