Meksikalı-amerikalı aktrisa Salma Hayek premyerası dəfələrlə təxirə düşən “Eternals”ın “Marvel” filmlərindən nə ilə fərqləndiyindən danışıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Rejissoru Xloya Çjao olan filmin təqdimatı koronavirus pandemiyası səbəbi ilə davamlı olaraq gecikdirilir. Ancaq Hayekin sözlərinə görə, bu film bütün gözləntiləri doğruldacaq.

“Bu filmin “Marvel” kainatında öz DNT-si var. Bu tam fərqli bir şey olacaq. Xloya ilə birlikdə səhnələrin əksəriyyətini studiyada deyil, real yerlərdə çəkdik. Marvel üçün qeyri-adi bir şeydir”, - deyə aktrisa şərh verib.

Salma Hayek öz personajına (blokbasterdə o, “əbədilər”in lideri Ayakanın rolunu oynayır - red.), aktyor heyətinə və filmdə yaradılan atmosferə vurulduğu üçün premyeranı səbrsizliklə gözlədiyini vurğulayıb.

Hayeklə birlikdə filmdə Ancelina Coli (Tena), Riçard  Medden (İkaris), Kumeyl Nanciani (Kinqo), Kit Harinqton (Qara cəngavər), Cemma Çan (Sersi) və başqaları iştirak edir.

“Eternals” filmində bəşəriyyətin müdafiəçiləri olan super insan irqindən bəhs edilir. Filmin təqdimatı 2021-ci ilin payızına planlaşdırılıb.

 

.