Britaniya şahzadəsi, York hersoqu Endryudan ABŞ məhkəməsinə şikayət olunub.
Virtualaz.org saytı "The Guardian” nəşrinə istinadən xəbər verir ki, şikayət edən kimliyi açıqlanmır. Amma bu məlumdur ki, həmin şəxs qadındır.
Adı açıqlanmayan qadın kral ailəsinin üzvünü seksual zorakılıqda ittiham edib. Qadın iddia edib ki, onun 17 yaşı olanda hersoq onunla cinsi əlaqəyə girib.
Şikayətçi qadın iddia edib ki, amerikalı bankir Ceffri Epşteyn ondan seksual kölə kimi istifadə edib, onu siyasi əlaqələrdə olduğu nüfuzlu adamlara cariyə kimi satıb. Qadının sözlərinə görə, bütün bunlar onun hələ 18 yaşı tamam olmamış baş verib. Bankirin qızı seksual kölə kimi peşkəş etdiyi şəxslər arasında guya şahzadə Endryu da olub. Hər halda naməlum qadın belə iddia edir.
Qeyd edək ki, York hersoqu hələ 2011-ci ildə də Epşteynin qurbanları ilə müəmmalı cinsi əlaqələrdə ittiham olunmuşdu. O zaman hersoq bankir dostunun ona təklif etdiyi qızlarla cinsi əlaqədə olması barədəki iddiaları rədd etmişdi.
54 yaşlı şahzadə Endryu Böyük Britaniya kraliçası II Yelizavetanın ikinci oğludur.
.