“30 avqust 2022-ci il tarixində Moskva şəhərində Azərbaycan və Ermənistanın Baş nazir müavinlərinin sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimistasiyaları üzrə komissiyaların 2-ci iclası keçirildi”.

Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycanın qərb rayonları və Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması məqsədilə kommunikasiyaların açılmasını və inşasını nəzərdə tutur: “Göstərilən işlərin icrası məqsədilə üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiyalar fəaliyyət göstərir. İqtisadi əlaqələrin və kommunikasiyaların, yeni yolların və dəhlizlərin açılması region ölkələrinə geniş əməkdaşlıq və beynəlxalq tranzit üçün yeni imkanlar yaradacaq. Hazırda Azərbaycanın azad edilmiş ərazilərində, o cümlədən Şərqi-Zəngəzur bölgəsində bərpa-yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Avtomobil və dəmiryolu infrastrukturunun yaradılması istiqamətində sürətli işlər görülür”.

Şahin Mustafayev diqqətə çatdırıb ki, nəqliyyat və kommunikasiya bağlantıların gerçəkləşdirilməsində əməkdaşlığın digər nümunəsi 2022-ci il 11 mart tarixində imzalanmış Azərbaycan-İran arasında imzalanan memorandumdur: “Azərbaycanın Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvan arasında avtomobil və dəmir yollarının, enerji xətlərinin tikilməsi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq və ölkələrimiz arasında əlaqələrin inkişafına töhfələr verəcək”.

.