Bakıda "Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.
Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Nazir müavini yanğın nəticəsində xəsarət alan olmadığını açıqlayıb.
E. Mirzəyev deyib ki, yanğının gec söndürülməsinə FHN-in yanğınsöndürən maşınlarının avtomobil sıxlığına görə hadisə yerinə daxil ola bilməməsi səbəb olub.
Nazir müavini, yanğın baş verən binada qalanların olması barədə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, alov söndürülsə də, hazırda tüstülənmə davam edir. Bunun qarşısını almaq üçün tədbirlər görülür.
Hadisə yerində FHN-in qərargahı yaradılıb. Qərargahda yanğın barədə operativ məlumatlar verilir. Qərargahda eyni zamanda ehtiyacı olan insanlara su və ayran paylanır.
"Sahil” Metro Stansiyasının girişi-çıxışı bağlıdır. Stansiyaya su dolduğu bildirilir.

*** 11 : 35

"Sahil" Ticarət Mərkəzinin yerləşdiyi binanın yaşayış hissəsində, 7-ci mərtəbədə azyaşlı bir uşağın xilas edilməsi üçün hazırda tədbirlər görülür. Bildirilir ki, yanğın girişi bağladığından, uşağın xilas edilməsinə FHN texnikası cəlb edilib.
Sakinlərin axar.az-a verdikləri məlumata görə, həmin azyaşlı uşaq Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun nəvəsidir.

*** 11 : 05 

Bakıda "Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada yanğın davam edir. Yanğın 2 və 3-cü mərtəbələri əhatə edir.
"Sahil” metrosunun girişi və çıxışı bağlanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü alovun qarşısını almaq üçün tədbirlər görülür.
Əraziyə təcili tibbi yardım maşınları da cəlb olunub. Xəsarət alanların olub-olmadığı məlum deyil.
Bina sakinləri, "Sahil” Ticarət Mərkəzində çalışan şəxslər evakuasiya olunub. Yaxınlıqdakı binaların sakinləri də evakuasiya olunub.
.