Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdən sonra jurnalistlərə açıqlama verən Səlim Məmmədovun vəkili Cavid Rzazadə deyib ki, iclasda "8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov ifadə verib. O, bazarı özünün yaratdığını deyib: "Sonra qardaşım adam öldürdü, problemlər yarandı. Həmin vaxt Cəfər Seyidovgil bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin pulunu aldım, ikinci ilin pulunu istəyəndə, dedilər ki, bazarı məndən alıblar. Məhkəməyə müraciət etdim, lehimə qərar verildi. Cəfərgil keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər, deyə heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar onları bazardan çıxartdılar. Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Fərhad Əliyev işarə etdi, Cəfərgil məni döydülər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, mən bazarı və üstündə 600 min manatı onlara verməliyəm. Bacarmayacağımı anlayıb, bazarı Cəfərgilə verdim. 2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Məcbur olub, bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə pul verirdilər".
General Hilal Əsədovun arvadı Nüşabə Əsədova istintaqa verdiyi ifadəni təsdiqləyib.
Proses iyunun 7-də davam edəcək.(apa)

.