Şəkidə bazarda baş verən yanğın söndürülüb.
Yenizaman.az ARB Şəki-yə istinadən xəbər verir ki, saat 06:30 radələrində Şəki bazarının xırdavat və geyim əşyaları satılan hissəsində başlayan yanğın qısa müddət ərzində geniş bir ərazini öz cənginə alıb. Hadisə nəticəsində 100-lərlə Şəki sakininə maddi ziyan dəyib.
Yanğının genişliyi ilə əlaqədar olaraq Şəki yanğından mühafizə hissəsinin əməkdaşları ilə yanaşı əraziyə Qax, Yevlax və Oğuzdan texnika və canlı qüvvə cəlb olunub. Sahibkarlar isə yanğın təşvişində ərazidən mallarını çıxartmağa cəhd göstərib.
Zərərçəkən - Mallarımın hamısı Yanıb. Bax mənim yerimdi yanan. Ziyanım 10 mindən çoxdu. 2 dənə yerdi.
Zərərçəkən - Yanğınsöndürənlər gəlir turbanı çəkə bilmir. Yol açıq olsa, mən öz malımı çıxararam da ordan. Adam adamın üstündən keçir. Boğuşanlar doludu orda. Bura dayanacaqdır. Mənim 15 minlik malım yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətrafda yeləşən digər dükanlara keçməsinin qarşısı alınıb.
Zərərçəkən - Saat 7 idi uşaqlar zəng vurdu. Gəldik gördük ki, yanğın yaxınlaşır. Başladıq yanğın söndürənlərə kömək etməyə. Yanğın söndürənlərdə buranı dağıtdılar, sökdülər. Yoxsa bu tərəflərə də keçmişdi. Yanğın söndürənlərin böyük köməyi oldu. Allah canlarını sağ eləsin. Onlar olmasa idi bu tərəfə də keçib alışıb yanmışdı.
FHN - nin Şəki yanğından mühafizə hissəsinin rəisi - Gündüz Abdullayev - Hadisə yerinə çatdıqda bazarın bir hissəsində yanğının olduğu müşahidə olundu. Ətraf rayonları köməyə çağırdıq. Yanğının yaxınlıqda olan ərazilərə keçməsinin qarşısı alındı. Xəsarət alan, itki yoxdur.
İlkin məlumatlara əsasən, bazarın təxminən 1000 kvadratmetrlik ərazisi yanıb. Yanğınla əlaqədar olaraq əraziyə rayon rəhbərliyi də gəlib. Yanğının baş vermə səbəbləri araşdırılır.
