
“Vətən müharibəsinin ilk dəqiqələrindən sonunadək Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe Azərbaycanın haqq işi uğrunda mübarizədə tək olmadığını hər kəsə göstərdi”.
Bunu Türkiyənin Respublika Günündə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, Türkiyə və onun lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır:
“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycan və Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən, ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.
Azərbaycan Parlamentinin sədri bildirb ki, ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib.
“Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərdiyi siyasi və mənəvi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe Azərbaycanın haqq işi uğrunda mübarizədə tək olmadığını göstərdi, bizə əlavə güc verərək böyük Zəfərin qazanılmasında önəmli rol oynadı”,- deyə Sahibə Qafarova bildrib.
Milli Məclisin sədri vurğulayıb ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində bütün digər məsələlərdə də bizim yanımızdadır:
“Bir neçə gün öncə biz hamımız Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının, digər müəssisələrin açılmasını, yeni infrastruktur obyektlərinin təməlinin qoyulmasını sevinc və qürurla izlədik”.
.