Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində Romada “Monteçitorio” sarayında İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Roberto Fiko Azərbaycan nümayəndə heyətini salamlayaraq, Milli Məclisin sədri ilə görüşündən məmnun olduğunu bildirib.

İki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən Roberto Fiko tərəflər arasında müzakirə edilməli mövzuların spektrinin geniş olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından söz açan palata sədri sülhün davamlı olacağına inamını söyləyib.

Milli Məclisin sədri səmimi görüşə görə təşəkkür edərək, dost və strateji tərəfdaş İtaliya Respublikasına ilk səfərindən məmnunluğunu ifadə edib. O, qeyd edib ki, bütün dünyanı əhatə edən pandemiya dövründə bu səfərin baş tutması Azərbaycan və İtaliya arasındakı münasibətlərin yüksək səviyyədə inkişafından xəbər verir.

Milli Məclisin sədri bildirib ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına yeni təkan verib. Xüsusilə, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. İki ölkə arasında imzalanmış sənədlər Azərbaycan və İtaliya arasındakı siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafının möhkəm hüquqi bazasını təşkil edir.

Bildirilib ki, Azərbaycan və İtaliya arasında mədəni münasibətlər də strateji tərəfdaşlıq ruhuna uyğun inkişaf etməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın 2018-ci ildə İtaliyaya rəsmi səfəri, Fondun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirakı, 2019-cu ildə İtaliyada ikinci Azərbaycan Film Festivalının keçirilməsi, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyəti ili“ elan edilməsi bu fikri bir daha təsdiqləyir.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir il kimi daxil olub. Ölkəmiz öz torpaqlarını Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib. Milli Məclisin Sədri Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə edən bütün italiyalı parlamentarilərə dərin təşəkkürünü bildirib.

Spiker xüsusilə vurğulayıb ki, artıq Qarabağ münaqişəsi başa çatıb və Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində yeni dövr başlayıb – bərpa və yenidənqurma dövrü. Amma bunun üçün azad edilmiş ərazilər minalardan təmizlənməlidir. Sahibə Qafarova deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Bunun beynəlxalq hüquqa görə hərbi cinayət olduğunu bildirən Sədr qeyd edib ki, beynəlxalq ictimaiyyət buna biganə qalmamalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, parlamentlərarası dialoqun bundan sonra da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

.