
Aprelin 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycan Respublikasına etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Milli Məclisin sədri Gürcüstanla əlaqələrdən danışarkən, xalqlarımızın bütün dövrlərdə həmişə dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün də belə olduğunu vurğulayıb.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Bildirilib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur. Spiker bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda, parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini qeyd edib. O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.
İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.
Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.
Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O, bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyi təmin edəcək.
Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstanın dövlət başçısı bu potensialdan geniş istifadə olunmasının vacibliyini söyləyib.
Söhbət zamanı digər mövzularda da fikir mübadiləsi aparılıb.
.