Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstinin və İordaniyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb.

Bu barədə  MM-in Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə spiker Sahibə Qafarova Fələstinin Azərbaycandakı yeni səfiri Əhməd Metanini ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.

Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Naharla görüşdə isə Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi, İordaniya və Azərbaycan parlamentlərinin beynəlxalq təşkilatlarda əməkdaşlığı barədə fikirlərini bölüşüb, səfirə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.
Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu bildirən İordaniyanın ölkəmizdəki səfiri Ömər Barakat Əl-Nahar görüşə görə təşəkkürünü bildirib, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

.