Sabirabadda bir nəfərin saqqalının kənar şəxslər tərəfindən qırxılması barədə xəbərə aydınlıq gətirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən açıqlamada deyilir ki, iyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması ətrafdakı vətəndaşların etirazına səbəb olub.
Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə yaranıb. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib. Bu barədə məlumat alan polis əməkdaşları dərhal hadisə yerinə gələrək hər iki şəxsi saxlayaraq Rayon Polis Şöbəsinə gətiriblər. Onların ərizə və izahatları alınıb, baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.
.