SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə iyunun 7-dən 14-dək komissiyada müsahibədən keçmələri tələb olunur. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində tələbələrin qeydiyyatı aparılır.

Qeydiyyatdan keçmiş bakalavrlar müvafiq ali təhsil müəssisələrinin təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün universitetlərin nümayəndəsi tərəfindən bakalavrın magistraturaya qəbul imtahanında iştirak etmək üçün verdiyi ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng olunur.

Müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı SABAH qruplarına aid müvafiq ixtisaslaşmaları da seçmək imkanı veriləcək.

Bakalavrlar xüsusi olaraq nəzərə almalıdırlar ki, SABAH qruplarının müsahibəsində iştirak edib-etməmələrindən, iştirak edənlərin isə müsahibədə uğur qazanıb-qazanmamalarından asılı olmayaraq, magistraturaya qəbul olmaq istəyən hər kəs DİM tərəfindən elan olunacaq müddətdə elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidirlər.

 

.