
Qondarma "Dağlıq Qarabağ Respublikası”nın "prezidenti” Bako Saaakyanın Londonda yerləşən "Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə nitq söyləməsi üçün dəvət olunması heç bir məntiqə sığmır.
Bunu Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq Lord Kilklunu bəyan edib.
Lord deyib ki, əslində həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın məcburi köçkün düşmüş Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi: "Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin salanlar. "DQR” rejiminin başçısı Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır."Chatham House”un onu bu cür dəvət etməsi öz statusuna xələl gətirir və onun layiq olmadığı legitimlik səviyyəsini qazandırır.
Artıq BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb”.
Böyük Britaniya Parlamentinin üzvü Stefan Hepbörn da Lord Kilkluninin fikirlərinə şərik çıxıb.
S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın "Chatham House”da nitq söyləməsi üçün dəvət olunması yolverilməzdir: "Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. O, Böyük Britaniyada istənilmir və mən "Chatham House”dan xahiş edirəm ki, onu dəvət etmək barədə yenidən düşünsün”.
Virtualaz.org
.