Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ölkədə müəyyən qüvvələrin dövlət çevrilişi etmək üçün hazırlıqlara başladığını açıqlayıb. Aleksandr Çikaidze "Prime Time" qəzetinə müsahibəsində deyib ki, Gürcüstanda ikinci "Maydan" ssenarisini "Vahid Milli Hərəkat" partiyası hazırlayır.
Gürcüstanın daxili işlər naziri daha sonra bildirib ki, ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələr əvvəlcə xalqı küçələrə tökməyə, ardınca onlara atəş açmağa və sonda bunu mövcud hökumətin üzərinə atmağa çalışacaqlar: "Əlbəttə ki, müxalifət ölkədə qarışıqlıq yaratmaq istəyəcək. Lakin onların istəyi ürəklərində qalacaq. Hazırda həmin qüvvələr Ukraynadakı "Maydan" iştirakçılarını Gürcüstana gətirməklə onlara treninq keçirlər. Bizdə məlumatlar var ki, aksiya keçirmək istəyən nümayişçilər yandıracaq təkərləri də hazır vəziyyətə gətiriblər."
.
