NATO-nun yeni baş katibi Mark Rutte Ukrayna üzrə təmas qrupunun videoformatda keçirilən iclasında bloka üzv ölkələrin müdafiə nazirlərini ABŞ-dan daha çox silah almağa və Ukraynaya dəstəyi artırmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə görüşün yekunlarına dair NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, Rutte çıxışı zamanı ötən həftə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşə istinad edib və Kanada və Avropadakı müttəfiqlərin sərmayələri hesabına ABŞ-ın yeni hərbi imkanlarının Ukraynaya çatdırılması təşəbbüsünə diqqət çəkib.

Mark Rutte, həmçinin vurğulayıb ki, bu təşəbbüs 24-25 iyun tarixlərində Haaqada keçirilmiş NATO sammitində qarşıya qoyulan üç əsas məqsədə -hərbi xərclərin artırılması, müdafiə sənayesində istehsal gücünün artırılması və Ukraynaya davamlı dəstəyin təmin edilməsinə xidmət edir

Qeyd edək ki, Ruttenin çağırışı ABŞ-ın Ukraynaya dair yeni yanaşması fonunda baş verir. Belə ki, Prezident Donald Tramp ötən həftə Vaşinqtonda Rutte ilə görüşündə bildirib ki, ABŞ bundan sonra Ukraynaya pulsuz silah verməyəcək. Onun sözlərinə görə, silahlar yalnız ödənişli əsasla təqdim olunacaq və bu məsuliyyət Avropa ölkələri və Kanada tərəfindən qarşılanmalıdır.

.