Abşeronda oğurluq faktı qeydə alınıb.
ARB TV xəbər verir ki, Abşeron rayon Masazır qəsəbə sakini İsa Rüstəmov rayon polis idarəsinə ərizə ilə müraciət edərək evindən 9500 manat pulun oğurlandığını bildirib.
Dərhal araşdırmalara başlayan əməliyyatçılar faktın törədilməsində şübhəli bilinən 22 yaşlı Sənan Bəndəlizadə və İlqar Bayramovu saxlayıblar.
Hər iki şəxs dindirilmə zamanı cinayət əməllərini etiraf ediblər. Sənan İlqar Bayramovla Rusiyada yaşayan dostu vasitəsilə tanış olduğunu deyib. O Rusiyaya getmək üçün İlqarla görüşüb ondan yolpulu istəyəndə isə tanışı ona oğurluq etməyi təklif edib.
İlqar Bayramov (Saxlanılan şəxs): "Onunla tanış olduq. Söhbət edəndə dedim ki, bəs oğurluq etmək lazımdır. Filan yerdə 10-12 min pul olar. O da dedi ki, mən girib çıxaram. Girib çıxdı, amma bir şey çıxmadı".
Oğurluğa birlikdə gedən Sənan evə girib, İlqar isə ətrafa nəzarət edib. Evdən çıxan isə 102 manat, 1 dollar və 1 qadın ətri olub.
Sənan Bəndəlizadə (saxlanılan şəxs): "Ətiri 28 mayda süpürgəçilərə verdim. Pulu isə xərclədim. İçəri girəndə əlimdə stol ayağı var idi. Nə olar, nə olmaz deyə götürmüşdüm".
Oğurluq faktı zamanı araşdırmalardan məlum olub ki, mənzildə heç də ev sahibinin iddia etdiyi kimi 9500 manat pul olmayıb. Zərərçəkən bunu sonradan özü də etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Yenizaman.az

