Rusiya hökuməti Qərb ölkələrindən ərzaq idxalına qoyulan qadağadan sonra daxili tələbatı ödəmək üçün alternativ mənbələri müəyyənləşdirir.
Bu gün baş nazir Dmitri Medvedyev Rusiyanın ərzaq bazarında sərt nəzarətin tətbiq olunacağını bildirib.
Baş nazir deyib ki, bu işə profil nazirliklərlə yanaşı istehsalçılar və ticarət şəbəkələri də cəlb olunacaq. Onun sözlərinə görə, bazarda vəziyyət elə nizamlanmalıdır ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən ərzaq idxalına qadağa qoyulması nəticəsində qiymətlər kəskin artmasın.
Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov isə deyib ki, Qərb ölkələrindən ərzaq idxalına qadağa qoyulmasından sonra bir sıra MDB respublikaları, o cümlədən Balkan və Latın Amerikası ölkələri ilə kənd təsərrüfatı məhsullarının ticarəti genişləndiriləcək.
Nazirin bildirdiyinə görə, Rusiyanın ərzaq bazarında idxalın payı elə də böyük deyil. İdxalda ən çox pay meyvə və giləmeyvəyə aiddir, sonrakı yerlərdə donuz əti və balıq, daha sonra quş əti və tərəvəzlər gəlir. Mal əti və süd məhsullarında isə idxaldan asılılıq demək olar ki, mövcud deyil.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi vəd edir ki, mağazaların piştaxtaları boş qalmayacaq və qoyulan qadağa qiymətlərin artımına səbəb olmayacaq. Nazirliyin bildirdiyinə görə, Rusiya Argentina, Braziliya, Uruqvay, Çili və Paraqvaydan ət, tərəvəz və giləmeyvə idxal edəcək. Alma-armudu Çin və Serbiyadan, əriyi və gilası isə yaxın qonşularından - Ermənistan, Azərbaycan, Özbəkistan, Tacikistan, həmçinin Yaxın Şərqdən idxal edəcək. Sitrus meyvələrini isə Misir, Mərakeş, CAR və Türkiyədən idxal etmək nəzərdə tutulur.
Nazirlik bildirir ki, bu ölkələrin də Rusiyada istehsal olunan taxıla və bitki yağlarına ehtiyacı var.
Nazirliyin bildirdiyinə görə, problem ancaq İtaliya və Fransa istehsalı olan bahalı pendirlərlə bağlı yarana bilər ki, bu da ölkə üçün kritik deyil. Norveç balığının yerini isə Rusiya istehsalçıları özləri doldura bilərlər.
Moskva meri Sergey Sobyanin isə bu gün paytaxtın mağazalarını gəzib və ərzaq qıtlığının mövcud olmadığını, qiymətlərin bahalaşmadığını bildirib.
Bəs Azərbaycan Rusiya ilə Qərb arasında gedən bu iqtisadi müharibədən necə faydalanıb öz kənd təsərrüfatını inkişaf etdirə bilər? Axı Azərbaycanın özündə prezidentin müəyyən etdiyi ərzaq təhlükəsizliyi proqramı mövcuddur və bu proqram əhalinin keyfiyyətli ərzaqla təminatında idxaldan asılılığı aradan qaldırmağı nəzərdə tutur...
Hazırda Azərbaycan əsas ərzaq növlərindən bir çoxu ilə özü-özünü tam təmin edə bilir. Üstəlik bəzi növlər üzrə ixrac potensialı da yaranıb. Məsələn, quş əti.
Ancaq meyvə və giləmeyvəyə gəldikdə bu sahədə vəziyyət heç də Rusiyada boşalan piştaxtaları doldurmağa imkan vermir. Çünki Azərbaycanın özündə meyvə və giləmeyvə istehsalı daxili tələbatı tam ödəyə bilmir. Baxmayaraq ki, son 6-7 ildə ölkədə meyvə istehsalı 20 faizdən çox artaraq 800 min tona yaxınlaşıb.
Rəsmi statistikaya görə, əhalinin meyvəyə olan illik tələbatı 450 min tondur. Lakin ekspertlərə görə, bu, aşağı rəqəmdir, əslində tələbat daha çoxdur və istehsal olunan meyvə daxili tələbatı ya güclə ödəyir, ya da heç ödəmir.
Digər tərəfdən, son illərdə Azərbaycan bazarlarında meyvə və giləmeyvənin qiyməti stabil yüksək olaraq qalır. Çünki istehsal olunan meyvə-giləmeyvənin bir hissəsi Rusiya bazarlarına çıxarılır. Nəticədə bazarlarda yerli meyvələrin yerini uzaq xarici ölkələrdən və qonşu ölkələrdən idxal edilən, bir çox hallarda genetik modifikasiya olunmuş meyvələr tutur. Ərzaq təhlükəsizliyi konsepsiyası isə tələb edir ki, əhali yerli istehsal və ekoloji təhlükəsiz meyvə ilə qidalansın.
İndi Rusiyanın Qərb ölkələrindən ərzaq idxalına qadağa qoyması Azərbaycanda ən çox meyvə-tərəvəz istehsalçıları üçün sərfəli görünür. Əgər bu qadağa nəticəsində Rusiyada qiymətlər artsa, o zaman Azərbaycanın meyvə-tərəvəz istehsalçıları istehsal etdikləri məhsulu daxili bazarda satmaqdansa Rusiyaya ixrac etməyə üstünlük verəcəklər. Bu isə Azərbaycanın özündə bahalaşmaya səbəb olacaq.
Azərbaycan Rusiyanın qoyduğu qadağadan o zaman yararlana bilər ki, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi üçün fermerlərə indidən sərfəli kreditlər verilsin və istehsal üçün ən əlverişli şərtlər təmin olunsun. Əks halda ixrac hesabına daxili bazarda qiymətlərin bahalaşmasını əngəlləmək mümkün olmayacaq.
.
