Rusiyanın iki aviaşirkəti Azərbaycana reyslərin sayını artırıb.
Bu barədə aviaşirkətlərin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, “Utair” aviaşirkəti Surqut-Bakı (Azərbaycan) arasında növbəti reys açıb. Artıq Surqut-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - bazar ertəsi və çərşənbə günləri həyata keçirir.
Surqutdan uçuşlar səhərlər, Bakıdan axşamlar yerinə yetiriləcək.
Qeyd edək ki, “Utair” Rusiyada “Aeroflot”, S7 və “Ural Hava Yolları”ndan sonra dördüncü ən böyük aviaşirkətdir.
Bundan başqa, İrkutsk şəhərində yerləşən “IrAero” şirkəti avqustun 1-dən Novosibirsk–Bakı marşrutu üzrə həftəlik uçuşların sayını 1-dən 5-ə çatdıracaq.
Aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Bir tərəfli biletin qiyməti 17 min rubldur (təxminən 510 manat).
Qeyd edək ki, “İrAero” mayın 20-dən Novosibirskdən Bakıya əvvəlcə həftədə bir, daha sonra iki dəfə uçuşlar həyata keçirməyə başlayıb. Daşıyıcının mətbuat xidmətindən bildirilib ki, uçuş yükü yaxşı olub və bu səbəbdən aviaşirkət Azərbaycana uçuşların tezliyini artırmaq qərarına gəlib.
.