Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi Türkiyə hava məkanını pozub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.
"Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək. Bu Rusiyanın iki ölkə arasındakı böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir”, - deyə XİN-nin bəyanatında bildirilir.
İnsident dünən saat 11.46 radələrində eydə alınıb. Məlumatda qeyd olunur ki, Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.
Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus SU-24 bombardmançı təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulub. Ankara Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia edir. Rusiya tərəfi isə Türkiyənin hava məkanını pozulması faktını inkar edir və insidenti təcavüz aktı kimi qiymətləndirib.
İnsident iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub.
.
